Xəbər lenti‎ > ‎

Ağcabədidə misligörünməmiş rüsvayçılıq...

22 Ağu 2015 03:57 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Talassemiya xəstəsi zorla qaçırdığı qızla polis müşayəti ilə toy çaldırdı...


Azərbaycan bir çox eybəcərliklərinə görə gerçəkdən anoloqsuz olduğuyla öyünə bilər. İndi oxucularımıza təqdim edəcəyimiz dövlət və hüquq - mühafizə orqanları adına utancverici bir rüsvayçılıq Ağcabədidə baş verib.


Belə ki, mayın ortalarında Ağcabədi rayon sakini Həsənov Oqtay Hüseyn oğlunun qızı Nahidə Həsənova bir qrup (şahidlər 3 nəfərin olduğunu bildirir) gənc tərəfindən günün günorta çağı qaçırılaraq (daha doğrusu oğurlanaraq) aparılıb. Qızın valideynləri dərhal polisə məlumat versələr də qız oğrularının kimliyinə və qızı harada gizlətdiklərinə dair məlumat əldə edilməyib. Qızın atası iddia edir ki, əvvəlcədən polisin bu məsələdən xəbəri olub və polisin belə arxayın davranışı maksimium daha çox müddət valideynlərinin qızlarını görə bilməməsi üçün vaxt udulmasına xidmət edib. Əlacsız qalan Oqtay Həsənov bütün instansiyalara çoxsaylı teleqramlar vurub. Amma ölkə Birinci Avropa Oyunlarına kökləndiyindən teleqramları cavabsız qalıb. Artıq üstündən 20 gündən artıq vaxt keçməsindən sonra qız qaçıran gən – talassemiya xəstəsi Cəfərov Əli Yusif oğlunun özünə toy etməyə hazırlaşdığı bəlli olub və bu zaman Oqtayı polisə çağıraraq bildiriblər ki, qız öz xoşuyla gəlməsi barədə ərizə yazıb. Qız atası buna etiraz etdikdən sonra qərara alınıb ki, qızı valideynləriylə polisdə görüşdüsünlər. Amma burada da polis oğlan evinin tərəfini saxlayıb. Belə ki, polisə qızı tək yox, oğlanın əlindən tutmaqla və gələcək qaynanası daxil olmaqla onlarla qohum-əqrəbasıl müşayət edib. Oqtay nə qədər israr etsə də ona qızı ilə təkbətək görüş imkanı yaradılmayıb.
 Polisin davranışlarını görən Oqtay Həsənov həyat yoldaşı ilə birlikdə bir şüşə benzin götürərək Baş Prokurorluğa gəlib. Hadisə Avropa Oyunlarının açılış gününə - 12 iyuna təsadüf edib və qəbul otağında başına benzin tökərək özünü yandırmaq istəyən qızın anasına oradakılar müdaxilə edərək mane olub. Prokurorluğun nümayəndəsi Kamal Qılıcov gələrək valideynləri əmin edib ki, onları bir neçə gündən sonra İmişlidə vətəndaşları qəbul edəcək baş prokuror Zakir Qaralovun qəbuluna yazır və orada öz etirazlarını birbaşa baş prokurora deyə bilərlər.
Bundan sonra Oqtay Həsənov Moderator.az saytından təyin olunan toyun təxirə salınması üçün məsələni lazımi qurumlar və şəxslər qarşısında qaldırmağı xahiş edib. Biz də rayonun deputatı Tahir Rzayevlə, eyni zamanda millət vəkili Qənirə Paşayeva ilə danışaraq belə bir qanunsuzluğa müdaxilə etmələrini, Respublika Talassemiya Mərkəzində qeydiyyatda olan oğlanın bir qızı bədbəxt edəcəyini, belə bir izdivacın bədbəxtlikdən başqa cəmiyyətə, oğlan və qız valideynlərinə, həmin gənclərin özünə heç nə verməyəcəyi dönə-dönə vurğulanıb. Amma israrlı müdaxiləmiz də nəticə verməyib. Polis rəisi deputat Tahir Rzayevə bildirib ki, qız əlinə bıçaq götürərək özünə qəsd edəcəyini bildirir və polisin oğlan evinə keçərək qızı ordan götürməsinə imkan vermir (21 - ci əsrin yeni nağılı. Silahlı terrorçunu zərərsizləşdirməli olan polis əlində mətbəx bıçağı tutmuş bir qız uşağının qarşısında guya aciz qalır)
 İmişlidə baş prokurorla görüşən valideynlərə söz verilir ki, məsələ ciddi araşdırılacaq və təqsirkarlar sərt şəkildə cəzalandırılacaq. Amma bu “cəzalandırma” sadəcə Oqtay Həsənovun dəfələrlə rayon prokurorluğuna çağrılaraq söhbət aparılmasından, izahatlar alınmasından uzağa getməyib. Halbuki baş prokuror məsələni həll etmək üçün yanında olan köməkçisi Mübariz Əhmədova tapşırıq veribmiş.
 Valideynlərin çoxsaylı cəhdlərinə və etirazlarına baxmayaraq qız qaçıran oğlan özünə toy edir. Bu zaman toy keçirilən ərazi polis tərəifindən üzük qaşı kimi mühasirəyə alınır və qız evi tərəfindən hər hansı insidentin ola biləcəyi ehtimalına görə təhlükəsizlik tədbiri görülür. Oqtay Həsənov “Zaks” şöbəsinin müdiri ilə görüşərək hansı haqla tallasemiya xəstəsi olan oğlanla qızının nikahını rəsmiləşdirmək istədiyini və oğlandan sağlamlıq haqqında arayış almadan belə bir izdivacı rəsmiləşdirməyin cinayət olduğu bildirilir. Bundan qorxuya düşən “Zaks” müdiri nikah bağlanmasından imtina edir.
 Üstündən 2 ay keçdikdən sonra indi qız atasına xəbər göndərilir ki, qız evlərinə qayıtamaq istəyir, qaytarılmayacağı halda özünə qəsd edəcəyini deyir. Maraqlıdır ki, bu dəfə oğlanın valideynləri də qızı geri qaytarmağa razı olduqlarını bildiriblər. Amma Oqtay Həsənovu əsas narahat edən onun qızını bədbəxt edənlərin cinayət məsuliyyətinə cəlb olunmamasıdır. O. Həsənov deyir ki, Ağcabədi polisi hətta qızı qaçıran həmin 3 nəfərin polisə gətirilərək dindirlməsini təmin etməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb və hər vəchlə bu işin ört - basdır edilməsinə çalışıb.
 Dəyərli oxucular, biz təkrarən rayonun deputatı Tahir Rzayevlə əlaqə saxlayaraq qan davasına çevrilmə ehtimalı olan bu münaqişənin çözülməsində yardımçı olmasını xahiş etdik. Deputat insafən dərhal rayona gedəcəyini və məsələni polis rəisi və prokurorla müzakirə edəcəyini, icra başçısı Şahin Məmmədovla da görüşəcəyini bildirsə də sonradan davamlı zənglərimiz cavabsız qaldı. Odur ki, bütün bu eybəcərliklərdən sonra məsələni ictimaiyyətin müzakirəsinə çıxarmaqdan başqa yol qalmadığını gördük.
 Ümid edirik ki, gec də olsa ən yükəsk səviyyədə məsələyə müdaxilə ediləcək və günahkarlar ən sərt şəkildə cəzalandırılacaq. Biz məsələni diqqətdə saxlayırıq və problem çözülənədək tez - tez bu mövzuda olan yenilikləri oxuculara çatdıracağıq. Bizi izləyin...