Xəbər lenti‎ > ‎

Anar Məmmədova Azərbaycanı tərk etmək qadağan edilib

31 Eki 2015 10:01 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı



Elxan Süleymanov isə yenidən deputat olmaq şansını itirib.

Anar Məmmədova ölkədən çıxmaq yasağı qoyulub, Səməd Seyidov mandat sahibi ola bilsə də, əli daha uzun olmayacaq, Elxan Süleymanov isə yenidən deputat olmaq şansını itirib.

MTN işi parlament seçkiləri ilə bağlı aparılan ictimai müzakirələri bir qədər arxa plana keçirsə də, seçkiyə sayılı günlərin qalması bu estafetdə yarışanlar arasındakı mübarizəni bir qədər də gərginləşdirib. Ölkənin ən ciddi strukturu, başqa sözlə desək, “onurğa sütunu” ətrafında aparılan həbslərdə olduqca ciddi məqamlar ortaya çıxdı.

Məlum olur ki, ölkədə ən yüksək strateji postlara etibar edilərək təyin olunan adamlar öz şəxsi manafelərini təmin etmək üçün olmazın oyunundan çıxıblar. Mediaya ötürülən məlumatlardan görünür ki, milyardlarla vəsit talanıb.

Qəfil ortaya çıxan MTN işi yalnız parlament seçkiləri ətrafındakı müzakirələri deyil, eyni zamanda ölkənin kifayət qədər oliqarxlaşan məmuru - Ziya Məmmədov ətrafında gəzən söz-söhbətləri də bir qədər arxa plana keçirmiş oldu. Bir-birinin ardınca səlahiyyətləri əlindən alınan Ziya Məmmədovun hətta ölkədən qaçması və tezliklə həbsə göndəriləcəyi ilə bağlı xəbərlər tirajlanırdı.

Hətta vəziyyət o yerə çatdı ki, bir vaxtlar toxunulmaz kimi tanınan Ziya Məmmədovun Aynar adlı məşhur qardaşı oğlunun “obyektində” qəfil keçilən reyd zamanı o və yaxın dostları polis tərəfindən saxlanıldılar. Bütün bunlara Ziya Məmmədov və onun klanı susqunluqla reaksiya veridi. “Danışmaq qızıldısa, susmaq ondan da qiymətlidir” prinsipinə riayət edən Ziya Məmmədov klanı yalnız MTN işindən sonra bir qədər cəsarətlənmiş təsiri bağışladı. Klanın “xaç atası” jurnalistlər qarşısına çıxaraq “Bəs deyirdiniz qaçıb?” ifadəsini işlətməklə ironik davranış nümayiş etdirdi. Həmin jestdə sanki “mən xilas oldum” mesajı vardı.

Uzun illər ərzində yağlı dövlət postlarını tutan Ziya Məmmədovun böyük var-dövlət əldə etməsini hamı bilir. Ancaq bir gercəklikdə bundan ibarətdir ki, Ziya Məmmədov yalnız iqtisadi sahəyə nüfuz etməyib. O, eyni zamanda şərti adı “Şirvan klanı” olan bir qruplaşmaya rəhbərlik edir. Nəqliyyat nazirinin kurasiyasında bəzi rayonların icra başçıları, millət vəkilləri və iş adamları var. Hətta son vaxtlar Ziya Məmmədov media sahəsinə də girişməyə başlayıb. Artıq onun maliyyəsi ilə bir neçə sayt fəaliyyət göstərir.

Qeyd edək ki, məlum Quba və İsmayıllı hadisələri Ziya Məmmədovun icra strukturlarına təqdim etdiyi kadrların yararsızlığını ortaya qoydu. Artıq həmin sahədə nazirin rəyinə nəinki üstünlük verilir, hətta onun təqdimatları yaxına belə buraxılmır. Ona yaxınlığı ilə seçilən siyasi personalardan biri də millət vəkili Elxan Süleymanovdur.

Məlum olduğu kimi, bu deputatla nəqliyyat naziri qonşu rayonlardandırlar və eyni regional qruplaşmada təmsil olunurlar. Nədənsə, hamı Elxan Süleymanovu Kəmaləddin Heydərovun qruplaşmasına aid edir, ancaq bunun yalnız görüntü xarakteri daşımasına dair ciddi dəlillər söylənilir. Artıq imitasiya imkanları tükənən Elxan Süleymanovun iki oliqarxın arasında vər-gəl etməsi onun yenidən deputat seçilməsi şansını sıfıra endirir. Heç 75 yaşlı deputatın özü də ona tapşırılan mühüm və məsuliyyətli işin öhdəsindən layiqincə gələ bilməyib.

Elxan Süleymanova dövlətin xarici əlaqələrinin qurulmasına dair (əsasən də Avropa və ABŞ-la) mühüm görəv verilmişdi. Ancaq Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunları zamanı Qərbdən gələn basqılar və Avropa mətbuatının bizə yönəlik qara piarı Elxan Süleymanovun “fəaliyyətini” ortaya qoydu. Bunun ardınca isə Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnamə Elxan Süleymanovun xarici siyasətlə bağlı gördüyü “misilsiz” xidmətlərinə bir da işıq saldı.

İddialara görə, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov (Ziya Məmmədovun oğlu), xarici siyasətdə aparıcı fiqurlardan olan deputatlar Səməd Seyidov, Elxan Süleymanov və müxalifət adı ilə parlamentdə təmsil olunan bir partiya sədri bu yarıtmaz fəaliyyətə görə hakimiyyətin ən yuxarı qatlarlnda ciddi qınanıblar . Çünki daha çox məhz bu şəxslər hakimiyyət rəhbərliyinə verdikləri hesabatlarda Amerika ilə lazımi iş aparıldığını və gərəkən dairələri "zərərsizləşdirdiklərini”, eyni zamanda ABŞ-dan gələn etirazlara elə Amerikanın özündəcə əks arqumentlərin ortaya qoyulacağını bildiriblər. Həmçinin, bu cür işlər üçün milyonlar xərcləndiyi barədə məlumatlar veriblər və "ödəmələr” barədə "çek”lər təqdim ediblər.

Bu gün ortaya çıxan real mənzərə isə bunun əksini göstərir. Hakimiyyət üçün ABŞ-la münasibətlər hər zaman önəmli olub və daha çox da bunun qeyri-rəsmi tərəflərinə diqqət edilib. İllər uzunu da bu münasibətlərin qeyri-rəsmi səviyyədə nizamlanmasına üstünlük verilib. Amma bu gün görünür ki, rəsmi münasibətlər bir yana, heç qeyri-rəsmi münasibətlərdə də hakimiyyət ABŞ-dan elə bir real dəstək ala bilmir. Əksinə, hakimiyyətə "filan dairələr bizim yanımızdadır” deyə tanıdılan çevrələr də onlardan üz döndərib, ortada heç bir real dəstək yoxdur. Buna görə də, bu məsələ ciddi müzakirə olunaraq, illərdir hakimiyyətə yalan Amerika vədləri verən şəxslərin cəzalandırılmasına, bu işlərin isə başqa şəxslərə tapşırılmasına qərar verilib.

Deməli, oyundankənar vəziyyətdə qalanlardan biri də millət vəkili Elxan Süleymanovdur və onun bu dəfəki seçkilərdə mandat qazana biləcəyi ciddi şübhə doğurur. Artıq onun təmsil olunduğu dairədən hakimiyyətə yaxın olan sürpriz bir namizədin mandat qazanacağına dair inandırıcı məlumatlar dolaşır. Deyilənə görə, hətta vəziyyət o həddə çatıb ki, Şamaxıda Elxan Süleymanovun görüşünə inzibati resursları cəlb etməklə adam yığırlar.

Qeyd edək ki, Elxan Süleymanovdan olan narazılıq yalnız xarici siyasət kursuna görə deyil. Gəlin, bu yaxınlarda Hüseyn adlı bir Göyçay sakininin “Yeni Müsavat” qəzeti vasitəsilə Elxan Süleymanov barəsində söylədiyi fikirlərə diqqət edək:

“İmkanlı, vəzifəli rayon sakinləri Çöyçayın sadə vətəndaşlarının dərdinə şərik çıxmır, ölkə rəhbərliyinə onların dərd-sərini çatdırmırlar. Şəmsəddin Hacıyev rayondan deputat seçildi. Fikirləşdik ki, qonşu rayondandır, problemlərimizin həllinə kömək edər. Sevindik ki, yol-iz düzələr. Amma illərdir ki, yolumuz düzəlmir. Rayona gələn yol bərbaddır, rayonun içindəki yolları da görürsüz. İşsizlik baş alıb gedir, heç kim də bizim dərdimizi eşitmir. Deputat Elxan Süleymanov yerlimizdir. Deyirlər ki, o, kürü alveri ilə məşğul olur. Kəmaləddin Heydərovun da yaxın adamlarından biridir. 2 oğlu da gömrükdə işləyir. Bahalı maşınlarla xariciləri buradakı imarətinə gətirir, qara kürüdən yeyib kef eləyirlər.

Elə bil ki, yolların nə gündə olmasını görmür. Halbuki rayonun 4 bir yerində mağazaları, ofisləri, evləri var. Göyçay çayının kənarında hektarla yer götürüb, 5-6 villa tikib. Çayın üstündən özü üçün ayrıca körpü də salıb. Xarici ölkələrin bayraqlarını da vurub özünün yaşadığı imarətinin bir tərəfinə. O çox varlıdır, amma heç qohum-əqrəbasını yaxın buraxmır, bizi saya salacaq?”

Göründüyü kimi, güclü dəstəkdən mərhum olan Elxan Süleymanov həm öz, həm də güvəndiyi Ziya Məmmədovun gəmisi batmaq üzrədir. Batan gəmidən isə xilas olmaq heç də asan məsələ deyil. ( www.jam.az )

MediaXeber.com