Xəbər lenti‎ > ‎

Obamanın çıxışının gizli kodları - hədəfdə kimlərdir?

30 Eyl 2015 09:23 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı


Okeanın o tayından dünyanı silkələyən mesajlar; BMT-nin yubiley toplantısında Obama insan haqları və demokratiya məsələsində kəskin danışdı: “Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz”; Putinin çıxışı dünyanın iki fərqli dünyagörüşünü bir daha ortaya qoydu; Bakıda verilən ilk rəsmi reaksiya ABŞ prezidentinə yönəldi: “Əgər Obama həqiqəti bilmək istəyirsə...”
Nyu-Yorkda BMT Baş Assambleyasının sentyabrın 28-də keçirilən toplantısında Amerika prezidenti Barak Obamanın çıxışı, ondan təxminən bir saat sonra tribunaya qalxan Rusiya prezidenti Vladimir Putinin söylədiklərinin Azərbaycanda da maraqla gözlənilməsinin iki mühüm səbəbi vardı. Birinci səbəb Amerika və Rusiyanın yaxın illərdə xarici siyasətinin konturlarının açıqlanması idi ki, bunların birbaşa Azərbaycana da təsiri var.
İkinci mühüm səbəb isə hər iki liderin demokratiya və dünyadakı münaqişələrə baxışları idi. Azərbaycan hər iki məsələdə Qərblə və Amerika ilə az qala münaqişə həddindədir. Demokratiyanın “xaricdən idxalını” birmənalı rədd edən, cəmiyyətin və dövlətin inkişafı ilə bağlı baxışlarında Qərblə arasına “Berlin divarı” hörən rəsmi Bakı bu siyasətinə Amerikanın münasibətini birbaşa prezidentin dilindən eşitməli idi.
Rusiya prezidentinin çıxışı da Azərbaycan üçün o səbəbdən mühüm idi ki, şimal qonşumuzun da həm münaqişələrin həllində, həm də demokratiya məsələsində baxışı Amerikadan kəskin fərqlənir. Azərbaycan son illər Rusiya hakimiyyəti ilə daha yaxın münasibətdədir və daxili siyasətdə daima oxşar proseslər gedir. Təsadüfi deyil ki, Putinin çıxışının da əsas tezislərindən biri demokratiyanın “xaricdən idxalına”, demokratik sistem modelinin bütün ölkələrdə tətbiqinin əleyhinə yönəlmişdi. Putin Ukraynada baş verənləri də xarici faktorlarla izah etməyə çalışdı.





Hər iki liderin münaqişələrin həllinə baxışları da indi dünyanın bir nömrəli problemi olan Suriya məsələsində aydın ortaya qoyuldu. Obamanın diktator və xalqının düşməni hesab etdiyi Bəşər Əsədi Putin BMT tribunasından açıq dəstəklədi, dinc suriyalıların qanını tökən ordunun tərəfini tutdu. Necə ki, illərdir Ermənistanın terrorçu liderlərini dəstəkləməkdə də davam edir...
***
“Öz xalqlarından qorxan rejimlər əvvəl-axır çökürlər”
Barak Obama çıxışının insan haqları və demokratiya ilə bağlı bölümündə öncə demokratiyanın ixracının ayrıca götürülmüş ölkələrdə müxtəlif fəsadlar törətdiyi ilə bağlı ittihamlara münasibət bildirib. O deyib ki, müxtəlif ölkələrdə, xalqların mədəniyyətlərinə, tarix və təcrübələrinə uyğun olaraq müxtəlif formalar ala biləcəyini başa düşür, lakin mütləq olan bir neçə ümumi həqiqətlər vardır. Obama deyib ki, demokratiyanın üzücü, bəzən pozucu olduğunu başa düşür, “lakin hüquqların artırılması uğrunda daimi mübarizə, insanlarımıza daha böyük səs meydanı verilməsi - bizim dünyanın ən güclü ölkəsinə çevrilməyimizə imkan verib”.





ABŞ prezidenti deyib ki, hakimiyyətləri qondarma qanunlardan qorxmadan dinc şəkildə tənqid etmək hüququ yalnız hansısa bir ölkənin, bir mədəniyyətin işi deyil: “Bunlar insan tərəqqisinin təməlləridir. Mən bilirəm ki, dünyanın bir çox yerlərində müxtəlif baxışlar və belə bir inam var ki, güclü liderlik fərqli düşüncəyə barışmaz olmalıdır. Mən bunu təkcə Amerikanın rəqiblərindən deyil, şəxsi söhbətlərdə bizim bəzi dostlarımızdan da eşidirəm. Mən bununla razılaşmıram. Mən inanıram ki, dinc fərqli düşüncənin əzilməsi gücü yox, zəifliyi və qorxunu göstərir. Tarix göstərir ki, öz xalqlarından qorxan rejimlər əvvəl-axır çökürlər”.





Güclü liderlər kimi Corc Vaşinqtonun və Nelson Mandelanın adını çəkən ABŞ prezidenti deyib ki, bu liderlər güclü demokratik təsisatların qurulmasını daimi hakimiyyət hərisliyindən üstün tutublar: “O liderlər ki, hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər, əslində etiraf edirlər ki, öz xalqları üçün uğurlu bir ölkə qurmaqda iflasa uğrayıblar. Çünki bizim heç birimiz əbədi deyilik. Tarix gücün həqiqət olduğuna və bunun həmişə belə qalacağına inanan saxta peyğəmbərlərin və çökmüş imperiyaların iflası ilə doludur”.
Obama deyib ki, müxalifətin seçki vasitəsilə, dinc yolla hakimiyyətə gəlmək imkanı olanda, ölkə yeni ideyalar qazanır: “Media azad informasiya verə biləndə, korrupsiya və qanunsuzluqlar faş edilir və onların kökünü kəsmək mümkün olur”.





ABŞ prezidenti vətəndaş cəmiyyətlərinin (QHT-lərin-red.) inkişafının vacib olduğunu da vurğulayıb: “Hökumətin təklikdə həll edə bilmədiyi problemlər həll oluna bilər. Mənim inancım budur ki, Amerikanı bu güclü edib. Hətta Amerikada heç də hamı mənimlə razılaşmır. Bu, demokratiyanın təzahürüdür.” Obama deyib ki, korrupsiyanı faş edən və insanların gözləntilərini yüksəldən Amerikanın dəstəklədiyi QHT-lərin qəsdi deyildir, bu, texnologiyaların, sosial medianın inkişafı və adamların öz həyatlarını qurmaq üçün sonsuz seçim arzusudur: “Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz. Sən informasiyaya girişi nəzarətə ala bilərsən, amma yalanı həqiqətə çevirə bilməzsən”.
Amerika prezidenti sonda əlavə edib ki, “avtoritarlar inqilabların qığılcımıdır.”
Yaddan çıxan Qarabağ...


Amerika prezidenti öz çıxışında bir neçə dəfə Rusiyanı, Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə yönələn siyasətinə görə, açıq şəkildə tənqid etsə də, Qarabağ münaqişəsindən danışmayıb. Bu bir daha Qərbin Qarabağ məsələsində ikili standartla yanaşdığını göstərir və rəsmi Bakı bu məsələdə elə həm də Ağ Evə yönəlik tənqidlərə görə tam haqlıdır. Amma burada çıxan daha bir arzuolunmaz nəticə də var. Cənubi Qafqazda sülhə böyük təhlükə olan münaqişə dünya güclərinin gündəmində deyil! Bu əlbəttə ki, ədalətsiz yanaşmadır və xüsusən, Minsk Qrupuna üzv ölkə olan Amerika prezidentinin çıxışına müəyyən mənada kölgə də salır.
Obamanın mesajları kimə ünvanlanıb?
Obama “güclü liderlik” və “hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər” ifadələrini işlədərkən konkret ünvan göstərməyib, onların əhatə dairəsini nişan verərkən “bunu təkcə Amerikanın rəqiblərindən deyil, şəxsi söhbətlərdə bizim bəzi dostlarımızdan da eşidirəm”, - deyib. İddialar var ki, Obama bu ifadələri işlədərkən “rəqiblər” dedikdə Rusiyanı nəzərdə tutub. Çünki Putin də konstitusiyanı dəyişərək prezidentlik müddətini 6 il edib. Orta Asiya respublikalarından Özbəkistan və Qazaxıstanda hakim rejimin ömrünü uzatmaq üçün konstitusiyaya dəyişiklik olunub. Ehtimal edilir ki, Obama “dostlarımız” dedikdə indilikdə bunu daha çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb. Heç kimə sirr deyil ki, Ərdoğan cidd-cəhdlə ölkə konstitusiyasını dəyişərək, siyasi sistemi prezident üsul-idarəsinə keçirməyə çalışır. Ərdoğanın bu istəyinə isə xüsusən Amerikada isti baxmırlar. Aydındır ki, bu iradlardan Azərbaycan rəhbərliyinə də “pay” düşür. Azərbaycanda da 2013-cü ilin martında konstitusiya dəyişikliyi olub və bir nəfərin ardıcıl iki dəfədən artıq prezident olması maddəsi götürülüb. Unutmayaq ki, siyasi məhbuslarla bağlı məsələdə də Azərbaycan iqtidarı Amerikanın heç bir xahişlərini birmənalı qəbul etmir.


“Azərbaycan” qəzeti Obamaya nə yazdı?


Barak Obamanın çıxışından dərhal sonra Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər sosial şəbəkədəki səhifəsində yazıb: “Obamadan vicdan məhbusu Yadigar Sadiqova doğum günü hədiyyəsi kimi bir nitq!”
Obamanın çıxışının Bakıda da diqqətlə izləndiyini “Azərbaycan” qəzetinin məqaləsi də sübut edir. Belə ki, Milli Məclisin rəsmi orqanı ABŞ prezidentinin çıxışının bəzi tezisləri üzərində qurduğu sərt məqalə dərc edib. “Xeyr, bunlar ABŞ-ın müsəlman dünyasına qarşı qəddar siyasəti haqqında həqiqətlərdir” başlıqlı məqalədə deyilir: “BMT Baş Assambleyasının sessiyasında ABŞ prezidentinin nitqi gözlənildiyi kimi, 2013-cü ildəki çıxışdan az fərqləndi. Bu dəfə də o, ölkəsinin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi ”uğurlu" siyasətdən danışdı. Bütöv ölkələrin xarabalığa çevrilməsi, minlərlə insanın ölümü, milyonların qaçqın vəziyyətinə düşməsi isə “antidemokratik rejimlərin” və terrorçuların ayağına yazıldı".
Obamanın vətəndaş cəmiyyətlərinin inkişafı ilə bağlı dediklərinə belə cavab verilib: “Cənab Obama, sizə daha çox məlumat lazımdır? Sizin ölkəniz bütün dünyanı nəzarətdə saxlamaq və müstəqil dövlətləri təhdid etmək üçün geniş QHT və media şəbəkəsi yaradıb. Müxtəlif ölkələrin daxilində formalaşdırılan ”beşinci kolon" ABŞ-ın maraqlarını həyata keçirir, bu alınmayanda isə ondan sabitliyin pozulması, dövlət çevrilişləri ssenarilərinin reallaşdırılması üçün istifadə olunur. Həmin antimilli qüvvələrin ifşa olunması, onlara qarşı hər hansı tədbirin görülməsi dərhal məlum QHT və media şəbəkəsi tərəfindən “vətəndaş cəmiyyətinə hücum” kimi qələmə verilir".
Daha bir sitata diqqət yetirək: “Əgər Obama həqiqəti bilmək istəyirsə, bütün dünyanın onun administrasiyası haqqında nə düşündüyünü eşitməli, Vaşinqtonun öz təsiri altına sala bilmədiyi həqiqi müstəqil medianın yazdığını və nümayiş etdirdiyini oxumalı və görməlidir. Bütün sosial şəbəkələr Amerikanın hazırda yürütdüyü siyasətə nifrət püskürür. İraq, Suriya, Liviya, Əfqanıstan, Yəmən xarabalığa çevrilib. Bu ölkələrdə şəhərlər, kəndlər dağıdılıb, insanlar ölüm təhdidi və səfalətdən baş götürüb Avropaya pənah aparırlar. Orada da onları yeni təhdidlər - irqi və dini ayrı-seçkilik gözləyir. Artıq Avropanın özündə də belə düşünürlər ki, bu gün ”qoca qitə" ABŞ-ın təcavüzkar və dağıdıcı siyasətinin acılarını yaşayır".
“Azərbaycan” məqaləni bu cümlələrlə yekunlaşdırıb: “Nəticə etibarilə BMT Baş
Assambleyasının builki sessiyası Amerika prezidenti üçün əməllərinin fotosərgisini xatırlatdı. Görəsən, nitqi zamanı Obama əsasən hansı tərəfə baxırdı? Ərəb və Afrika liderlərinin üzünü görməmək üçün ya aşağı mətnə, ya da yuxarı tavana...”
Qeyd edək ki, Putindən fərqli olaraq Obamanın çıxışı, xüsusən insan haqları və demokratiya ilə bağlı dedikləri alqışlanıb. Obama çıxış edərkən isə ekranlarda daha çox ərəb və Afrika nümayəndələrini göstəriblər...
İqtidar da, müxalifət də öz mesajını aldı...
Obamanın və Putinin çıxışı dünyanın iki fərqli inkişaf modelini, iki fərqli dünyagörüşünü bir daha ortaya qoydu. Bakıda verilən ilk rəsmi reaksiya Obamaya yönəldi və göründüyü kimi, həm də çox sərt ifadələrlə. Əsas həm də odur ki, yaxınlaşmadqda olan parlament seçkilərində iqtidar da, müxalifət də öz mesajını aldı... Kimin nə nəticə çıxaracağını isə yaxın aylarda biləcəyik...


“Yeni Müsavat”