Xəbər lenti‎ > ‎

Obamanın Türkiyəni İŞİD-ə qarşı yanına çəkməsi baha başa gəldi

30 Tem 2015 04:06 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
İslam Dövlətinə qarşı genişlənən müharibəyə Türkiyə də daxil oldu. Obama administrasiyası uzun müddət Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökuməti mübarizəyə qoşulmağa razı salmaq üçün çalışıb. Bəs bu, müharibənin gedişatındakı bu dəyişiklik yaxşıdır, yoxsa pis?

Bu suala cavab vermək çətindir, ancaq bu dəyişiklik qısa müddət üçün yaxşı olsa da, uzun müddət üçün yaxşı şeylər vəd etmir.

İŞİD-in əksər müsəlmanlar da daxil olmaqla, hər kəs üçün təhlükə təşkil etdiyinə şübhə yoxdur. Qruplaşma indi də Türkiyənin cənub ərazilərində stabilliyi pozur. Bu təhlükəni aradan qaldırmaq təxirəsalınmaz bir vəzifədir.

Hal-hazırda İraqdan Suriyaya qədər və Suriya-Türkiyə sərhədi boyu gedən münaqişə Obama administrasiyası üçün ən az Kennedi və Consonun dövründə Vyetnamda olduğu qədər çıxılmaz bir vəziyyət yaradır. Bəziləri belə düşünür ki, o vaxt olduğu kimi indi də birölçülü hərbi cavab reaksiyası uğursuz olmağa məhkumdur.
 Vyetnam müharibəsində ən azından dostu düşməndən ayırmaq olurdu. Yaxın Şərq müharibəsində isə bir yerdə dostun olan başqa yerdə düşmənindir. Türkiyə bu baxımdan işləri daha da mürəkkəbləşdirdi.
 Prezident Obama ötən həftənin üçüncü günü Ərdoğanla telefon görüşməsində Amerikaya məxsus döyüş təyyarələrinin Türkiyənin iki bazasından Suriyaya doğru əməliyyatlar başlatması üçün razılıq alıb.
 Rəsmi Ankara bildirir: “Terror təşkilatı Türkiyənin milli təhlükəsizliyi üçün təhlükə təşkil edir və biz terrorizmlə mübarizə aparmaq üçün ABŞ da daxil olmaqla, müttəfiqlərimizlə birgə çalışırıq.” Şablon sözlər.
 Vaşinqton: Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ və Türkiyə ilə əlaqədar deyib: “İŞİD-ə qarşı mübarizədə əməkdaşlığı artırmaq qərarı almışıq.”
 Bu razılaşmada ABŞ üstünlük qazanır. Belə ki, döyüş təyyarələri Suriya sərhədinə İraq, İordaniya və Fars körfəzindən olduğundan daha yaxın yerdə qalxıb-enə biləcəklər.
 Yaxşı, ancaq bu, məsələyə tamamilə hərbi tərəfdən baxışdır və heç də təəccüblü deyil ki, razılaşmada danışıqları İŞİD-ə qarşı Obamanın xüsusi elçisi kimi fəaliyət göstərən, keçmiş dəniz qüvvələri generalı Con Allen aparıb.
 Ərdoğan hökuməti Yaxın Şərq müharibəsinə regional üstünlük uğrunda şiə-sünni münaqişəsi kimi baxır. Sünni olan hökumət də Dəməşqdə Əsəd hökumətinin devrilməsinin tərəfdarıdır. Bu vaxta qədər bu qədər silah və xarici döyüşçülərin Türkiyədən keçərək “İslam Dövlətinin Suriyadakı mərkəzinə” axın etmələrinin səbəbi də budur.
 Ərdoğanın əvvəllər Vaşinqtonla əməkdaşlığı rədd etməsinin bir səbəbi odur ki, o, Pentaqonu Əsəd rejiminə qarşı silahlıların təlim keçə biləcəkləri şimali Suriyada uçuşa qadağan zonanın qəbul etməsi üçün təkid edirdi. Bəs bu məqamda Əsədi hakimiyyətdən devirmək yox, İŞİD-i məğlub etmək istəyən Obama bununla razılaşdımı?
 Allen Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı bunun müzakirə mövzusu olmadığını desə də, BBC-nin Türkiyə müxbiri Mark Louen ABŞ-ın “təhlükəsiz ərazi” qəbul etdiyini bildirib.
 Nəticə etibarilə, belə görünür, Obama administrasiyası yeni bir çıxılmaza, regional çəkişmələrə daxil olub – burdan heç bir fayda da gəlməyəcək və ABŞ vəziyyətdən çıxmaq istəyəndə çox çətin olacaq.
 Bu da razılaşmanın arxasında duran ikinci məqama diqqət çəkir.
 Ərdoğan təkcə İŞİD-i bombalamır. O, yeni razılaşmanı Türkiyənin kürdlərə qarşı sərhədləri daxilində və xaricində uzun müddətdir apardığı mübarizəni davam etdirmək üçün lisenziya kimi götürdü.
 Ötən həftənin beşinci günündən bu yana İŞİD-ə qarşı üç, kürdlərin İraqdakı düşərgələrinə isə ən az 5 hava hücumu təşkil edilib. Suriya və İraqdakı kürd mövqelərinə qarşı hava hücumları İŞİD mövqelərinə edilən hücumlardan sayına və təsirinə görə daha ağır olub.
 Türkiyənin cənubunda yerləşən Suruçda 32 nəfərin ölümü ilə nəticələnən bomba hücumu Ankaranın fəaliyyətə keçməsini sürətləndirdi. Qeyd edək ki, Suruçda əhalinin əksəriyyəti kürdlərdir. Kürdlərin PKK partiyası Ərdoğan hökumətini PKK-nın Türkiyədə kürdlərin hüquqları üçün apardığı mübarizəni iki il əvvəl dayandırmış atəşkəsi pozaraq hücumda iştirak etməkdə günahlandırır.
 “Vaşinqtonun PKK-ya hücumlar qarşısında səssiz qalması Tükiyənin İŞİD-ə qarşı mübarizəyə qoşulmasının əvəzi ola bilərmi?” – BBC müxbiri Mark Louen deyir. Sualın cavabı elə özündədir.
 Türkiyə İŞİD və kürdlərə qarşı yeni fəaliyyətinin müzakirəsi üçün NATO səfirlərinin görüş keçirmələrini istəyib. Çox güman ki, ölkə üzvü olduğu hərbi ittifaqın təsdiqini istəyir. ABŞ-ın NATO-nun siyasi mövqeyinə uzunmüddətli təsir gücünü nəzərə alsaq, ikinci gün üçün müəyyənləşdirilmiş görüşdə Türkiyənin təsdiq alması ehtimalı yüksəkdir.
 Əsas məsələ budur ki, kürdlər ABŞ-ın İraqda, xüsusilə də, ölkənin şimal regionlarında İŞİD-ə qarşı apardığı mübarizədə əsas müttəfiqləridir.
 Yaxın Şərq həddindən artıq hərbiləşdirilmiş xarici siyasət çərçivəsinin klassik bir nümunəsidir. Obama administrasiyası Yaxın Şərqdə stabilliyi bərpa etmək üçün uzunmüddətli strategiya ilə bağlı heç bir işarə vermir. Qısa müddət üçün qazanc, uzun müddət üçün isə itki: Vaşinqtonun Yaxın Şərqdə genişlənən müharibəyə Türkiyəni daxil etməsinin nəticəsi budur.
http://4npress.com/