Xəbər lenti‎ > ‎

Avropa İslam dövləti və Rusiyadan istifadə etməlidir

30 Mar 2015 05:01 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
   Avropa müxtəlif miqyaslı iki böyük təhlükə ilə üzləşir. Bunlardan birincisi qondarma İslam dövləti, yəni İŞİD-dir. İkinci təhlükə isə Rusiyanın təcavüzkarlığı nəticəsində yaranır. Hər iki təhlükənin Avropanı elə bir şəkildə parçalamaq potensialı var ki, bu, qitənin demokratiya, açıqlıq və tolerantlıq dəyərlərini də zərbə altında qoya bilər.
 Mövcud şəraitdə güclü, açıq və canlı olan Avropa nə İslam dövlətinin, nə də Rusiyanın maraqlarını dəstəkləmir, çünki Avropa özü həm bu cihadçı qrupa, həm də Rusiya Prezidenti Vladimir Putinə qarşı olan həyat tərzi və dəyərləri təmsil edir.
 Məhz bu səbəblərə görə, Avropa hökumətləri müsəlman icmalarının müdafiəsi və təhlükəsizliyi, immiqrasiya və inteqrasiyası üçün bu təhlükələrdən istifadə etmək fürsətini əldən verməməlidir.
 Avropa hökumətləri və Aİ qurumlarının Avropa daxilində və xaricindəki insanlara Aİ dəyərlərinin göstərilməsi və müdafiəsi üçün güclü bir strategiya qəbul etmək məqsədilə bu problemlərdən istifadə etməsi də eyni dərəcədə önəmlidir. Bu da mümkün olduğu qədər Avropanın şərqi və cənubundakı qonşu ölkələrin vətəndaş cəmiyyətlərinə müraciət etmək, eyni zamanda Misir və Azərbaycan kimi ölkələrdə insan hüquqlarının pozulması hallarına göz yummamaq lazım olduğu deməkdir.
 İslam dövlətinin Avropada demokratiya və stabillik üçün yaratdığı təhlükə gözardı edilə bilməz. Bu silahlı qrupun bütün Yaxın Şərqdə yaratdığı dəhşət və verdiyi zərər milyonlarla olmasa da, yüz minlərlə insanı öz vətənlərini tərk etməyə məcbur edir. Suriya və Yəmən bir qırağa, Liviyanı bürüyən xaosa baxmaq kifayətdir.
 Bu münaqişələrdən qaçan insanlar Avropanı yeni bir başlanğıc üçün təhlükəsiz bir sığınacaq hesab edirlər. Ancaq Avropaya qaçqın axını və islamafobiyanın yayılması qitənin xalq partiyalarının işinə yarayır.
 Fransada radikal sağçı “Milli Cəbhə” partiyası 22 mart tarixində keçirilən bələdiyyə seçkilərinin ilk mərhələsində 25 faiz səs topladı. Bu nəticə partiyanın xüsusilə müsəlmanlar olmaqla, immiqrantlara qarşı yönəlmiş strategiyalarının bəyənildiyini də göstərdi.
 Avropanın başqa xalq partiyaları da güclənməkdədir. Əgər bu partiyalar iqtidara gələcək qədər səs toplasaydılar, onlar öz uğurlarından Avropanı liberal prinsiplərin olmadığı bir “qalaya” çevirmək üçün istifadə edə bilərdilər. Aparıcı partiyalar onlar üçün zəmin hazırlamaq əvəzinə İslam dövlətinin yaratdığı təhlükədən öz xeyirlərinə istifadə etməlidirlər.
 Bunun üçün isə bir neçə mərhələ var. Avropa hökumətləri qaçqınların təhlükəsizliyinin təmin edilməsində daha sıx əməkdaşlıq şəraitində işləyə bilərlər. Bundan başqa, gənc qadın və kişilər cihadçılara qoşulmaq üçün Avropanı tərk etdikcə, Avropanın kəşfiyyat və təhlükəsizlik orqanları, məsələn, Türkiyədəki həmkarları ilə daha sıx əməkdaşlıq edə bilərlər.
 Belə əməkdaşlıqlar getdikcə güclənir. Belçika və Fransada son vaxtlar baş verən terror hadisələri və xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilən hücumlar dövlətlərin informasiya mübadiləsi və kəşfiyyat məsələlərində niyə görə daha sıx əməkdaşlıq etmələri lazım olduğunu göstərir. Dövlətlərin bunun öhdəsindən təkbaşına gələbiləcəklərinə inanmaq sadəlövhlükdür.
 Ən önəmlisi isə Avropa hökumətləri gənclərin işssizlik problemi ilə birgə məşğul olmalıdırlar. Perspektivi olmayan gənc nəsil narazılıq, radikallaşma və qeyri-sabitliyin əsasıdır. Elə hey Avropa dəyərlərindən danışmaq bütün problemləri həll etmir. Həmin dəyərlər yalnız demokratik cəmiyyətlərin əsasını təşkil edən imkan, tolerantlıq və təhlükəsizliklə möhkəmləndirilərsə, gənclər üçün mənalı ola bilər.
 Rusiyanın yaratdığı təhlükə isə fərqli olsa da, İslam dövləti ilə bir oxşarlığı var, o da Avropanı parçalamaq və zəiflətməyə çalışmaqdır.
 Putin Avropanın güclü və firavan olmasının, eləcə də, Ukrayna və regionun digər ölkələrində demokratiya olmasının Rusiyanın maraqlarına müvafiq olmadığını düşünür. Rusiyanın xarici siyasəti uzun müddət bir neçə istisna olmaqla, Aİ-ə üzv dövlətləri bir-birinə qarşı qoymaqla Avropanı parçalamağa yönəlib.
 Elə buna görə də, Avropanın Rusiya üzərinə sanksiyalar qoyulmasında göstərdiyi birlik Kremli təəccübləndirdi. Bu cür birlik Aİ-ə xas xüsusiyyət deyildi. Almaniya kansleri Angela Merkelin sanksiyaların dəstəklənməsində göstərdiyi güclü mövqe də Rusiyanı yenidən təəccübləndirdi. Merkelin bu mövqeyi ilə Rusiya Aİ-də əsas müttəfiqlərindən birini itirdi. Elə Rusiyaya qarşı Avropanın birliyini qoruyan əsas şəxs də Merkel olub.
 Bundan başqa, Rusiyanın Krımı ilhaq etməsi və Şərqi Ukraynanın bəzi ərazilərini işğal etməsi ilə Almaniya NATO-nu yenidən kəşf etdi. Artıq ölkə alyansın ərazi müdafiəsində daha böyük rol oynamağa hazırdır.
 Təhlükəsizlik məsələsi Avrozonaya qədər uzanır. Yunanıstanın baş naziri Aleksis Tsiprasın üzləşdiyi bütün iqtisadi problemlərə baxmayaraq, onun martın 23-ü və 24-ü Berlinə etdiyi iki günlük səfərinin Avropanın təhlükəsizliyi üçünxüsusi əhəmiyyət kəsb etdi.
 Şübhəsiz ki, Merkel və Avropanın digər liderləri anlayırlar ki, Yunanıstanın Avrozonadan çıxması nəinki vahid Avropa valyutası ideyasına, eyni zamanda Avropanın təhlükəsizliyinə böyük zərbə vuracaq, Yunanıstanın iqtisadiyyatını daha da zəiflədəcək, demokratik qurumları isə ağır bir sınaqdan keçəcəkdi. Rusiya isə belə bir fəlakətdən öz xeyrinə istifadə edə bilərdi.
 Uzun sözün qısası, Avropanın üzləşdiyi bu iki böhran Avropa hökumətlərinin daha sıx əməkdaşlıq göstərərək stabilliyi qorumaları üçün böyük bir fürsət ola bilər.
http://4npress.com/