Xəbər lenti‎ > ‎

Hacı Muradın kəsilmiş başı Azərbaycana gətirilə bilər

28 Ara 2015 08:37 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı   [ 28 Ara 2015 08:38 güncellendi ]
Rusiyalı araşdırmaçı alim, qafqazşünas Rodolf İvanov bu istiqamətdə müəyən addımlar atıb
Məzarı Qaxda, başı Sank Peterburqda, baş daşı isə Bakıda tarix muzeyində olan Dağlı qəhrəman Hacı Muradın başının Azərbaycana gətirilməsi üçün Rusiyalı araşdırmaçı alim, qafqazşünas Rodolf İvanov bu istiqamətdə müəyən addımlar atıb. Araşdırmaçı alim qəhrəmanın başının bədəni ilə birgə Qaxda dəfn olunmasını istəyir. Qax rayonundakı məzarın hazırkı vəziyyəti isə heç də ürəyaçan deyl. Qafqazın qəhrəmanı, məşhur dağlı rəhbərlərdən biri olan Hacı Muradı həyatı boyu izləyən qarışıqlıq, çətinliklər ölümündən sonra da onu tərk etmədi. Hazırda Şəkinin 60 km-də Qaxın Tanqıt kəndində yerləşən qəbri yenə də onun adını eşidənlər, həyat hekayəsini bilənlər tərəfindən ziyarət olunur. 160 ildir ki, başsız bədənin yatdığı məzar indi baxımsız vəziyyətdədir.

Belə ki, adıçəkilən ərazidə yabanı otlar və kol kos qəbrin ərazisini bərbad hala salıb. Heç qəbrin üstündə kimə aid olması ilə bağlı ad-soyad belə yoxdur. Aylar öncə Şəkinin fəxri qonağı olan tanınmış rusiyalı tarixçi, qafqazşünas alim Rudolf İvanov şimal-qərb bölgəsinə səfəri zamanı dağlı qəhramnın məzarını da ziyarət etmişdi. Onun bu ziyarəti tarixi şəxsiyyətə verdiyi dəyərin göstəricisi idi. Hacı Muradın məzarı uzun müddət naməlum qalıb. 1957-ci ildə Tədqiqatçıların Hacı Muradın məzarını açmasından sonra bir neçə fakt üzə çıxdı. Kəllə sümüyünün yoxluğuna, bir qıçın o birindən bir qədər qısa olduğuna görə Hacı Muradın məhz burada dəfn olunması təsdiqləndi. Hazırda isə qəhrəmanın başının bədəni ilə eyni məzarda basdırılması üçün əlindən gələni edən qafqazşünas alim Rudolf Nikolayeviç böyük çətinliklərlə üzləşir. Hətta iki dəfə açılmış qəbrin yenidən tədqiqata ehtiyacı olmasının söylənilməsi isə bu işlə məşğul olanların əslində tarixi məlumatsızlıqlarından xəbər verir.

Hacı Murad haqqında bir-birini təkzib edən məlumatlar onun yaşadığı dövrü də əhatrə edir. Belə ki, bu dağlı qəhrəmanın qorxubilməzliyi çoxlarının ondan çəkinməsinə və qorxmasına səbəb olub. Odur ki, yayılan məlumatlara da birmənalı yanaşmaq olmaz. Ümumiyyətlə isə Hacı Muradın həyatının Nuxa dövrü ilə bağlı bilgilərə görə böyük yazıçı Lev Tolstoya minnətdar olmalıyıq. O, ömrünün qürubunda “Hacı Murad”
povestini yazır və məlumat toplamaq üçün 1852-ci il hadisələrinin şahidlərini axtarır. Əsas mənbə rolunda həmin vaxt Nuxanın polis rəisi çalışmış polkovnik İosif Korqanovun qadını Anna Avessalamaovna və oğlu İvan Korqanov çıxış edirlər.

İosif Korqanov Hacı Muradın öldürülməsi əməliyyatına rəhbərlik etmiş şəxs olmaqdan əlavə, Nuxada Hacı Muradla ən çox ünsiyyətdə olmuş birisi olub. Onun oğlunun Hacı Murad qətlə yetirilərkən 10 yaşı olan İvan Korqanov Lev Tolstoya məktub göndərərək xatirələrini və bilgilərini yazıçı ilə bölüşür. Həmin vaxt anası Anna Avessalamovanın 82 yaşı olduğunu və 50 il əvvəl baş vermiş hadisələri müfəssəl yada sala bilmədiyini yazan İvan Korqanov yazıçıya Hacı Muradın zahiri görünüşü, adətləri, davranışı və qaçışı barədə məlumat verib. Tolstoy isə verilən məlumatlar əsasında onun mərdliyini gözlər önünə sərib. Bəli adı hələ sağlığında əfsanəyə dönmüş Hacı Muradın məzarının bu gün ziyarətçiləri çoxdur. Atalardan bir məsəl var yolnan gedən yorulmaz. Ancaq təəsüflər olsun ki biz bu yolla gedərkən çox yorulduq. Çünki belə tarixi şəxsiyyətin məzarı diqqətdən kənar qaldığı kimi elə onun məzarına aparan yol da ondan geri qalmır. Bu səbədən də məsələ ilə bağlı aydiyyəti qurum olan Qax Rayon mədəniyyət şöbəsinə müraciət etdik. Bildirildi ki, həmin qəbir dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilib.

Hacı Muradın başının Azərbaycana gətirilməsi uzun sürə bilər. Çünki əgər qəbirin bərpası üçün başın gətirilməsini gözləsələr, yenidən orada qəbir olub olmamasını araşdırmaq lazım gələcək.(anspress)