Xəbər lenti‎ > ‎

Balakəndə səbrin son həddi: “məsuliyyətsiz məmurlar insanların qanını içir”

23 Nis 2015 04:35 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
“Pul kimdə varsa o, qanunları istədiyi kimi ayaqlaya bilər anlamına gəlir. Budurmu Azərbaycandakı hüquqi, sivil dövlətçilik ənənələri?”

Balakən rayonu Şambul kənd sakini Şamay Herayeva cumhuriyyət. az müraciət edərək, ona qarşı həyata keçirilmiş bir sıra ədalətsizliklərdən şikayət edib. Şikayətçi bildirir ki, Balakən rayonuna uzun illər ərzində rəhbər gələn hər bir şəxs kəndə məxsus örüş yerlərini satmaqla kənd camaatı üçün süni problemlər yaradıb və baş verənlər artıq əhalinin səbrini daşıracaq səviyyəyə çatıb.
S.Herayev cumhuriyyet.az-a bildirib: “Kəndimizin dədə-baba dövründən 75 hektar örüş yeri olub. Ancaq indi görün hansı vəziyyətə gəlib çatmışıq ki, kənddə yaşaya-yaşaya qatığı, südü, pendiri, şoru bazardan almağa məcburuq. Çünki örüş yerləri olmadığına görə mal heyvan saxlaya bilmirik. Bütün ərazilər hasara alınıb, işbazlar tərəfindən əkilib becərilir. Dövlət bizlərə aylıq 120-150 manat pensiya verir, onu da biz kəndçilər ağartı məhsullarına verib qalırıq pulsuz vəziyyətdə. Bizlər allahın ümidinə qalmışıq. Səsimizi eşidən yoxdur. Dəfələrlə rayon icra hakimiyyətinə şikayətə getmişik. Balakəndə heç kimin şikayətinə baxan yoxdur. Rayonda nə qədər nəfsi mundar, nə qədər görməmiş adam varsa hamısını yığıb yağlı vəzifələrə yerləşdiriblər. Bu rayonda konkret şikayət ediləsi rəhbər yoxdur. Əgər kimsə belə bir rəhbər tanıyırsa, xahiş edirik bizlərə də desin gedib dərdimizi söyləyək. Həmin dediyim 75 hektar ərazidən hazırda 4 hektar ərazi qalıb. Sual olunur bu qədər camaatın mal-qoyunu bu balaca ərazidə necə sığışıb otlamalıdır?Mənim digər şikayətim budur ki, 90-ci illərin sonunda islahatlar aparılanda mənim əmlak payıma kənddəki bir bina düşdü. Ancaq bu binanı mənə verməkdən imtina etdilər. Mən bu məsələni məhkəməyə qədər apardım. Məhkəmə qərar qəbul etdi ki, əgər binada hər hansı müəssisə yerləşmirsə, bu bina kəndçiyə verilməlidir. Çox təəssüf ki, bu bina həmin vaxt məmurlar tərəfindən sökülüb satıldı. Bu günə kimi mənə qarşı bu haqsızlıq davam edir. Mən sadə, kasıb kəndçiyəm. Ancaq mənə qarşı haqsızlıq edənlər çox imkanlı şəxslərdir. Deməli, pul kimdə varsa o, qanunları istədiyi kimi ayaqlaya bilər anlamına gəlir. Budurmu Azərbaycandakı hüquqi, sivil dövlətçilik ənənələri?
Sovet dövründə kolxozda işləmişəm. Mən sağlamlıq üçün ən zərərli sahədə, tütünçülükdə işləmişəm. Həmişə planı artıqlaması ilə ödəmişəm. Yəqin mənə qarşı baş verənlər çox sağolumdur. Oğlum Qarabağ əlilidir, döyüşlərdə yaralanıb. Dövlət ona əlillik vəsiqəsi verib, ancaq onun bu günə kimi nə evi var, nə də ki şəxsi həyətyanı torpağı. Belə ədalətsizlik olarmı? Deməli, oğlum buna görə sinəsini güllə qabağına verib ki, bu gün ailə-uşağı ilə kirayələrdə sürünsün? Budur Azərbaycandakı düzlük? Vətən qazisinə göstərilən qayğı göz qabağındadır. Hökumətimiz ermənini ölkəsinə çağırıb yedirdib, içirdib cibinə pul qoyur, ancaq Qarabağ qazisi yeməyə çörək, yaşamağa yer tapmır. Baxın belə gülünc məmləkətdə yaşamağa məhkumuq. Ar olsun belə rəhbərlərə. Dəfələrlə oğluma pensiya düzəltmək üçün müraciət etmişəm. Hər dəfə də məndən xeyli rüşvət istəyiblər. Pulu tapıb lazımı adama verə bilmədiyimə görə iş düzəlməyib. Bu gün Balakəndə vaxtı ilə buzun üstündə sürüşüb yıxılıb xəsarət almış şəxs pensiya alır. Bu gün Balakəndə Qarabağ müharibəsində olmayan şəxslər həm ev alıb, həm də maşınla təmin olunublar. Məlumdur ki, rüşvət hesabına. Balakəndə məmurlar saxta sənədlərlə hərəkət edib həm pul qazanırlar, həm də öz qaranlıq işlərini həyata keçirirlər. Mən dövlətimdən, hökumətimdən əmlak payımı tələb edirəm. Mən oğluma ev tikmək üçün haqqı olan həyətyanı torpağı tələb edirəm. Bir daha qeyd edirəm ki, oğluma əlillik vəsiqəsini dövlət verib, mən verməmişəm. Bəs indi niyə öz döyüşçüsünə sahib çıxan tapılmır? Balakəndə məsuliyyətsiz məmurlar vəzifələrdə əyləşib insanların qanını sovururlar. Mən bu qanunsuzluqlara son qoyulmasını tələb edirəm. Nə qədər ki, bu ölkədə rüşvət hər şeydən yüksəkdə dayanacaq, bu ölkə dirçəlməyəcək”.
http://cumhuriyyet.az/