Xəbər lenti‎ > ‎

“Haram yeyən məmurlar mütləq "qusacaqlar”" - Deputatdan AÇIQLAMA

19 Eki 2015 09:25 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı




Heç kimə sirr deyil ki, Azərbaycanda vətəndaşın mülkünün qanunsuz olaraq əlindən alınması, həmçinin məhkəmələrdə mülkiyyət hüququnun tanınması ilə bağlı problemlər mövcuddur. Təəssüf ki, ayrı-ayrı tikinti şirkətlərinin vətəndaşları aldatması, evlərin, obyektlərin heç bir kompensasiya ödənmədən sökülməsi, yaxud vəzifəli şəxs tərəfindən mənimsənilməsi, torpağın eyni vaxtda bir neçə şəxsə satılması kimi neqativ hallar adiləşib.

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az saytına deyib ki, problemin həlli ədalətli məhkəmədən keçməlidir:

“İstənilən çəkişməli məsələnin sonu məhkəməyə dayanır. Ədalətli məhkəmə təminatı olmadan hər hansı problemi çözmək də çətinləşir. Ona görə də, hesab edirəm ki, məhkəmələr mülkiyyət hüququnun qorunması üçün birmənalı mövqe sərgiləməlidir. Əks halda bu, digər məmurların özbaşınalığına rəvac verir və məsələlərin izahı olmur.

Məhkəmə qarantiyası olandan sonra heç bir məmur başqasına verilmiş sənəddən əlavə sənəd verməz, onun yerini zəbt etməz və s. Onlar arxayındırlar ki, vəsaitin bir qismini də məhkəməyə xərcləyərək, özlərinin qanunsuz əməllərinə haqq qazandıracaqlar”.

Reallıqdır ki, Azərbaycanda vəzifəyə gələn əksər insanlar səlahiyyətli olduqları qurumun “sahibi”nə çevrilirlər. Deputat hesab edir ki, bu vəzifəylə bağlı məsələ deyil:

“Bunu yoxsula da, zənginə də aid etmək olar. Çox az sayda insanda “halal-haram” anlayışı, axirət, başqasının haqqına girmə qorxusu var. Bunlar olmadıqda cəmiyyətdə baş verən neqativ hallar da çoxalır. Məsələn, hər hansı bir insan ona verilmiş həyətyanı sahədən 1 metr də kənara çıxmağa çalışır. Bununla o heç də zəngin olmur. Nəticədə imkanı olub bunu edənlərlə, imkanı olmayıb edənlər arasında təfəkkür fərqi olmur. Hesab edirəm ki, bu, dəyişməlidir.

İnsanlar mülkiyyətə münasibətdə mənim olanın, həm də ilahi halallıq tərəfi olduğunu anlamalıdırlar. Bu mülk başqasının mülkünün mənimsənilməsi hesabına əldə edilirsə, sonradan həmin insan üçün müəyyən problemlər ortaya çıxır. Çalışmaq lazımdır ki, buna rəvac verilməsin. Hesab edirəm ki, bu dünyagörüşü ilə bağlı məsələdir”.

F.Mustafa bildirir ki, Azərbaycan insanında mülkiyyətçilik düşüncəsi tarixi ənənələrdən məhrumdur:

“Azərbaycanda qəsbkarlıq motivləri rusların işğalından sonra özünü göstərməyə başladı. Ruslar bəylik institutlarını yaratdılar. Köhnə bəylərin torpaqlarını alıb Rusiyaya tabe olanlara verdilər. Buradan da mülkiyyətin təməl əsası pozuldu. Gürcüstanda isə bunu etmədilər. Zadəganlığın bütün irsi hüquqları saxlanıldı. Ona görə də gürcü düşüncəsində mülkiyyətə münasibət bizim düşüncəmizlə fərqlənir. Bizdə siyasi hakimiyyət kimə nəyi bəxş edibsə, onun halal mülkü hesab olunur. Bu da bu günə qədər yaşanmaqdadır”.

Deputatın fikrincə, haram yeyənlər bir gün mütləq “qusacaq”, necə ki, bu gün bəzi eks-nazirlərin timsalında bunu müşahidə edirik:

“Bu bir reallıqdır ki, Azərbaycanda vəzifəyə təyin olunan şəxs pis-yaxşı gəlir əldə etməyə başlayır. Cəmiyyət istər-istəməz buna alışıb. Vəzifəyə gələn, amma gözü-könlü tox olanlar da var. Onlar vəzifəyə gəlir, varlanır da, amma kiminsə malını-mülkünü qəsb etmirlər. O adamların problemi çıxır ki, onların böyük əksəriyyət insanları çətin duruma salıb, sahibkarın evini-eşiyini satdırıb, o pulu mənimsəyiblər.

Bir gün gəlir ki, o pulu “qusur”san. Düşünürəm ki, o gün, bu gündür. İndi həmin proses baş verməkdədir. Nə edirsən et, başqasının halallıq vermədiyi mülkü, əşyanı, pulu hər hansı şəkildə mənimsəməyin sonu “qaytarmaq”dır ki, biz də son günlər bunun şahidi olmaqdayıq.

Gözü-könlü tox olmayan, dünya malına hərisliyi olanlar gətirildiyi vəzifənin fürsətlərindən “istifadə edim” deyə 10 il kef edirlər, amma qalan 10 ili də həbsxanada keçirirlər. Bu kefin, harınlığın da bədəlini ödəyirlər. Bütün məmurlar bundan ibrət götürməlidirlər. Onsuz da kifayət qədər vəsait əldə edirsən. Bunu insanların haqqına girmədən, çapıb-talamadan edin”.

Gülşən RAUFQIZI