Xəbər lenti‎ > ‎

Deputatdan SƏRT AÇIQLAMA: “İran səfiri bu millətin hissləri ilə oynamasın!”

18 Kas 2015 03:00 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı



İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin noyabrın 16-da jurnalistlərə verdiyi açıqlamada deyib ki, “Fitilə” proqramı azərbaycanlılara qarşı hörmətsizlik etmək fikrində olmayıb. Səfir bununla İranın dövlət televiziyasının 2-ci kanalında türklərin təhqir olunmasına münasibətini bildirib:

“Bəzi təxribatçı qüvvələr vəziyyətdən istifadə edərək İranla Azərbaycan arasındakı münasibətləri korlamağa cəhd edir. Onlar 30-40 nəfərlik qrup şəklində İran səfirliyinin qarşısında aksiya keçirir, separatçı şüarlar səsləndirirlər. İrandakı azərbaycanlılar da “Fitilə” proqramındakı xoşagəlməz hala görə etirazlarını bildirdilər” .

Dünya Azərbaycanlıları Konqresinin sədri, deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında İranın səfirinin bəyanatına münasibət bildirib:

“Bunu ancaq məsuliyyətsiz və özünə hörmət etməyən bir adam deyə bilər. Orada sənin, mənim millətim təhqir olunur, 35 milyon yox, 50 milyon Azərbaycan türkü, üstəgəl 86 milyon Türkiyə türkü və 300 milyona yaxın sayı olan bütün türklər təhqir olunur. Birinci dəfə deyil, hər gün millətimizə münasibətdə təhqir davam edir. Bizdə isə 10-15 nəfər gedib həmin o səfirin xoş qulluğunda, oturduğu iqamətgahı qarşısında buna etirazını bildirəndə təxribat olur və ölkələr arasında münasibəti pozur? Onun diplomatiyadan xəbəri yoxdur. Çünki səfir və İrandakı bütün rəsmilər belə düşünür”.

Sabir Rüstəmxanlı İran rəsmilərinin türklərə, əsasən da Cənubi Azərbaycan türklərinə hər zaman hörmətsizlik etdiklərini vurğulayıb: “Ağa Ayətullah Tehraniyə baxırsan, özü cəhənnəmdən təzə çıxmışa oxşayır. Amma Ayətullah Tehrani yazır ki, türk dili cəhənnəmin dilidir. Cəhənnəmin dilini bilən yoxdur. Görünür ki, o farslar cəhənnəmə çox gedib-gəliblər və orada hansı dildə danışıldığını də bilirlər. Bizim dilimiz adamların dilidir. Bizim dilimiz göytürklərdən gələn türk dilidir. Bizim dilimiz göy dilidir. Cəhənnəmin dilini farslar bilirlər. Güya ki, farsların dilinin “zahiri” şirin dildir. Həmin o “şirin” dillə bütün alçaq şeyləri yazırlarsa, bu dilin qara dildən fərqi yoxdur. Mən Dünya Azərbaycanlıları Konqresinin sədri kimi İran səfirindən tələb edirəm ki, bu millətin heysiyyatı və hissləri ilə oynamasın. O, oturduğu və diplomatik xidmət daşıdığı ölkəyə hörmətlə yanaşsın. Əks halda, biz hər gün onun oturduğu iqamətgahın qarşısında aksiya keçirəcəyik.”

Xalq şairi İranın bu gün Azərbaycana qarşı apardığı siyasətdən da danışaraq hökumət səviyyəsində Ermənistana etdiyi yardımları da xatırladıb: “Həmin bu bəyanat şantajdır. Burada başqa heç bir şey yoxdur, bu, sadəcə olaraq şantajdır. Neçə müddətdir Azərbaycan dövləti və hökuməti İranla xoş münasibəti qurumağa çalışır və münasibəti qorumağa çalışır. İranla müqavilələr bağlanır. Amma İran bunu dəyərləndirmir. Buna baxmayaraq, Bakıda İranın hər cür təhsil ocaqları var, Azərbaycana hər cür kitab gətirilir. Belə olan şəkildə İran tam əksinə, davamlı olaraq Ermənistanla münasibəti genişləndirir, ermənilərə yardım edir. Təəssüf ki, bizim də bəzi milli heysiyyatı və qeyrəti olmayan Güney azərbaycanlılar gedib hətta İrəvan bazarlarında ticarətlə məşğuldurlar. Bu davamlı olaraq Azərbaycan dövlətini heçə saymaqdır. Onlar belə hesab edirlər ki, hər şey edə bilərlər. Azərbaycan müharibə şəraitindədir, onsuz da problemləri çoxdur. Belə münasibət olmaz. Elementar üçüncü sinif səviyyəsində, yaxud diplomatik savadı olan adam belə səhvlərə yol verməz”.

Ağa Akifoğlu