Xəbər lenti‎ > ‎

Şəkinin səhiyyə tarixi

16 Mar 2016 09:41 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı   [ 16 Mar 2016 09:42 güncellendi ]


Qalib ƏSƏDƏOV,
həkim-nevropatoloq

Zirvələri uca göylərə dikələn, qocaman Qafqazın cənub yamacında ormanlı dağların səfalı qoynunda möhtəşəm Şərq şəhəri özünə məskən salmışdır. Şəki şəhəri Şəkinin əlverişli təbii şəraiti, əkinə yararlı münbit çay vadiləri, bərəkətli düzənləri, səfalı yaylaqları, mülayim qışlaqları çox erkən onu firavan yaşayış guşəsinə çevirmişdir. Şəki lap qədim zamanlardan bütün Şərqdə öz ulu loğmanları, təbibləri ilə məşhur olmuşdur. Bəli, Azərbaycanımızın elmi, mədəniyyəti, ədəbiyyatı qədim tarixə malikdir. Bu gün biz sizə Azərbaycan təbabətinin tərkib hissəsi olan Şəki səhiyyəsindən, onun dünənindən, bugünündən, burada fədakarcasına ömrünü insanlara hədiyyə edən həkimlərdən, artıq tarixə öz adlarını əbədi həkk etmiş səhiyyə fədailərindən söz açmaq istəyirik.

Şəki təbabəti öz indiki səviyyəsinə birdən - birə gəlib çatmamışdır. Onun şərəfli keçmişi , inkişaf mərhələləri və əsası vardır. Çox təəssüf ki, tarixi məxəzlər Şəki təbabətinin qədim və orta əsrlərdəki vəziyyətindən o qədər də müfəssəl məlumat vermir. Şəki həkimləri haqqında ilk doğru - dürüst məlumata XIX əsrin ortalarında çar məmurlarının tərtib etdikləri sənədlərdə rast gəlirik. Həmin illərdə elə həkimlər vardı ki, onlar təbabəti hərtərəfli bilirdilər. belələrinə “Zemskiy vraç” deyərdilər. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra belə həkimlərdən bir neçəsi bizim vətənə köçüb fəaliyyətə başlayır. 1843-cü ildə Nuxa mahalına Pyotr Aleksandroviç Klapitov qəza həkimi təyin olunur. Bəzi mənbələrdə onun adı Klapitonaşvili kimi göstərilir. Həmin dövrdə ilk dəfə olaraq Nuxa mahalında çiçək yoluxucu xəstəliyinə qarşı peyvənd aparılır. 1898-ci ildə Nuxa mahalına Fyodorov təyin olunur. Çar məmurlarının hesabatlarında göstərilir ki, yerli əhali öz mədəni geriliyi ucbatından həkimlərə tibbi yardım üçün qorxa - qorxa müraciət edir, əsasən yerli türkəçarələrin yanına gedirlər.
Bəli, həmin dövrdə əzab çəkən insanların yeganə köməkçiləri xalq təbabətinin sirlərinə yiyələnmiş türkəçarələr, sınıqçılar, dəlləklər, aralıq mamaları, çöpçülər və başqa bilicilər idi. Onlar xəstəliklərin müalicəsi üçün otlar və toxumlardan, köklər və meyvələrdən geniş istifadə edirdilər. Xüsusi şəxslər dərman bitkilərinin yığılması, qurudulması, saxlanılması və ticarəti ilə məşğul olurdular. ətrafların çıxıqlarının və sınıqlarının müalicəsi üçün tərpənməz sarğılardan istifadə olunurdu. Qan almaq, küpə qoymaq, dağlamaq və çöp çıxarmaq geniş yayılmışdı. Nuxa qəzasında bu cür xalq bilicilərindən biri həkim baba haqda sizə danışmaq istəyirəm. Ona Limon baba da deyərdilər. Bu müdrik qoca təbabətin vurğunu idi. Limon bitkisini daha çox sevərdi. Onun Şəkidə böyük bir limon bağı vardı. Müharibə illəri və müharibədən bir neçə il sonra ibtidai sinif dərsliklərində həkim baba haqda uşaqlara məlumat verilərdi. Həmin dərsliklərdən məlum olur ki, həkim baba bir çox cərrahi xəstəlikləri, irinli yaraları, qaraciyər xəstəliklərini müalicə edərmiş. Özünün dərman bitkilərindən hazırladığı məlhəmləri işlədərmiş. Xırda cərrahi əməliyyatlara da apararmış.

(Ardi var)


P.S. Bu yazı həkim-nevropatoloq Qalib Əsədovun hələ çap olunmamış kitabındandır. Vaxtaşırı yazının ardını bu səhifədə dərc edəcəyik. Əsər həmçinin, "Şəki Bələdiyyəsi" qəzetində də hissə-hissə çap olunacaq.