Xəbər lenti‎ > ‎

1,5 milyard manatlıq fırıldaq, müğənni məşuqəyə "Range Rover"...

16 May 2015 04:37 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Həftənin əvvəllərindən bəri Azərbaycanda 18 nəfər maliyyə-kredit fırıldaqlarına görə tutuldu. Onların arasında sabiq millət vəkili, keçmiş icra başçısı, iş adamları və sairlər var.
Bu adamların saxlanmaları ilə bağlı cəmiyyətdə yaranmış ajiotaj da anlaşılandır.
Axı dünənədək iri biznesmen, uğurlu iş adamı, bacarıqlı şəxs kimi tanınan fiqurlar bir anda yalançı, oğru, fırıldaqçı imici qazandılar.
Baş verənlərin təsadüf olduğunu düşünmürük, çünki tutulan insanların istisnasız olaraq hamısı dövlət vəsaitini mənimsəməkdə suçlanır.
Onlar banklardan böyük məbləğlərdə kreditlər alaraq guya həmin pulları "ölkə iqtisadiyyatına ciddi təkan verəcək meqalayihələr"ə yatırmaq adı ilə xərcləyiblər.
Xərclər ən müxtəlif olub.
Məsələn, "Avesta" şirkətlər qrupunun rəhbəri Nazim İbrahimov dəbdəbəli evlər, maşınlar alıb, xaricdə şirkətlər alıb pullarını həmin şirkətlərin hesablarına yatırıb, Londonda oxuyan oğlunun ad günündə Britaniya paytaxtında dəbdəbəli atəşfəşanlıq təşkil edib və bu "əyləncə"yə 50 min funt-sterlinq sərf edib.
Bir başqası məşuqəsinə Bakının mərkəzində 1,2 milyon manata 6-otaqlı apartament alıb.
Digəri fabrik inşası layihəsi adı ilə bankdan götürdüyü kreditin əksər həcmini iki ölkədəki offşor şirkətlərdə "gizlədən"dən sonra pulların yerdə qalanını Bakıda 4 mənzilin alınmasına, 3 restoranın açılmasına və "sponsor"luq etdiyi müğənniyə 4-otaqlı mənzillə "Range Rover" avtomobilinin hədiyyə edilməsinə sərf edib.
Onların mənimsədiyi pulların məbləği böyükdür.
Belə ki, həmin iş adamları arasında ən böyük kredit fırıldağının müəllifi 1,1 milyard manatı, ən "təvazökar"ı isə 120 milyon manatı özününküləşdirib.
İlya İlf və Yevgeni Petrovun "12 stul" romanının qəhrəmanı Ostap Bender sadəlövh Vasyuki kəndinin şahmat məktəbindəkiləri aldadaraq onların pullarını əllərindən alanda bu adamlara "Nyu-Vasyuki"ni vəd etmişdi.
"İnanın, pullarınızı mənə etibar etsəniz, kəndiniz dünyanın şahmat mərkəzinə çevriləcək. Ən məşhur şahmatçılar buraya yarışa gələcəklər. Əvvəlcə dünya çempionatı, sonra qalaktik çempionat olacaq və yüz minlərlə turist buraya axışacaq", - deyən Ostap "qurban"larına vədlər verib onların pullarını almış, fırıldağı faş olanda isə qaçıb aradan çıxmışdı.
Amma milli ostaplarımız kredit qismində götürdükləri pulları mənimsəyəndən sonra izi itirə bilmədilər.
Tutulanların 14-ü oğurlanan pulları son qəpiyədək qaytarandan sonra buraxılıb.
Yerdə qalanların bir neçəsinə isə mayın 19-dək vaxt verilib. Həmin günədək ya pullar qaytarılmalı, ya da mənimsənilmiş kreditlərlə bağlı cinayət işi bu başabəla iş adamlarını məhkəmə zalına aparacaq.
İki nəfərsə pulu qaytarmaqla məsuliyyətdən yayına bilməyəcək: çünki həmin şəxslərin əməlləri qatı cinayətdir və onları həbsxana gözləyir.
Baş verənlərlə bağlı gözlənilən açıqlama dünən səslənib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iş adamlarının tutulması məsələsinə aydınlıq gətirib.
Ə.Həsənov bildirib ki, iş adamları müəyyən əməllər üzrə ittiham olunurlar: "Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb.
Yetərincə yığcam, məntiqli, təmkinli bir açıqlama.
Dövlət onunla "zarafat" edənləri, ölkənin maliyyə-kredit sistemini varlanmaq və dəbdəbəli həyat sürmək vasitəsi qismində istismara uğratmaq fikrinə düşənləri bağışlamır.
Kredit fırıldaqçılığı edənlər bankları yox, hər birimizi aldadıblar, qarət etməyə çalışıblar və bizim hesabımıza özlərinə cah-cəlal yaradıblar.
Təbii ki, harınlayaraq ölkə qanunlarını özlərindən aşağı sayanlar əməllərinə görə cavab verməlidirlər və belə məsələdə qanunvericilikdəki sərtlik tətbiq olunur.
Biznes qanunlara tabe olmalı, qanunları özünə ram etdirməyə çalışmamalıdır.
Bunu anlamayanlar harınlayırlar.
Harınlarsa layiq olduqları yerdə oturdulmayanda heç yaxşı olmur.
Həmin yer adi kreslo da ola bilər, həbsxana kətili də.

Elçin Alıoğlu
Milli.Az