Xəbər lenti‎ > ‎

Kürün Mingəçevirdəki sahili bir neçə sahibkar tərəfindən zəbt edilib

11 Eyl 2015 09:16 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı


Məmur özbaşınalığının acı nəticələrini mingəçevirlilər yaşayırlar
Havanın hərarətinin 40 dərəcədən yüksək olması insanların səhhətinə mənfi təsir göstərir. Günvurmadan ehtiyat edən insanlar axşamlar Kürün sahilinə çıxıb təmiz və bir az da nisbətən sərin hava almaq istəyirlər. Lakin sahildə də istədiklərinə nail olmayan Mingəçevir sakinləri onları bundan məhrum edən məmurların ünvanına iradlar yağdırırlar.

Məsələ bundadır ki, hər bir Azərbaycan vətəndaşının AP-nın Konstitusuyasına uyğun olaraq istirahət etmək hüququ var. Mingəçevirdə məcburi köçkünlərlə birgə 120 mindən çox əhali yaşayır. Lakin Mingəçevirin ərazisindən keçən Kürün sahilinin çox hissəsi-ictimai mülkiyyətdə olan ərazilər məmurlar, sahibkarlar, oliqarxlar, iş adamları tərəfindən zəbt olunub. Sahilboyu otellər, villalar tikilib və hündür hasarlar çəkilib. Həm şəhərimizə gələn turistlər, həm də Mingəçevir sakinləri Kürdən məhrum olublar.

Mingəçevir su hövzəsindən çimərlik kimi istifadə etmək də yasaqlanıb. Burda da pullu xidmətə üstünlük verən sahibkarlar maliyyə imkanları məhdud əhalinin girişini əngəlləyirlər.

Azərbaycandan kənara çıxanda dəniz və çayların xalqın sərəncamında olduğunu görürük. Gürcüstanda Qara dənizin sahilində bir obyekt də gözə dəymir. Bütün tikililər, otellər, istirahət evləri dənizdən 150 metr kənarda inşa edilib. Kilometrlərlə uzanan sahildə hasar görünmür. Dəniz boyu insanlar rahatlıq istənilən ərazidə çimir, sahildə gün vannası qəbul edirlər.
Qanunlar niyə işləmir?
Azərbaycan Qanunvericiliyini təkmilləşdirən Milli Məclisin hər sesiyasında bütün sahələr üzrə kifayət qədər qanunlar qəbul olunur. Lakin əksər halda bu qanunların yalnız kriminal sahədə və sosial durumu aşağı olan insanlara inzibati sanksiyalar tətbiq edilərkən işlək olduğu nəzərə çarpır. İrimiqyaslı qanun pozuntusu olan hallarda qanunların “aliliyi” unudulur. Minlərlə insan haqqı tapdanıb, hüququndan məhrum ediləndə bu qanunlar onu pozanların xeyrinə işləyir. Hətta yeri gələndə dəyişdirilir.
İcra Hakimiyyətinin rolu nədən ibarətdir?
Vəkil Aslan İsmayılovun fikrincə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1 bəndinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. Və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

Bu o deməkdir ki, 20-50 metrlik zolağın altında olan torpaq sahələri müvafiq icra hakimiyyətinin icazısi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudldşdırmamaq şərtilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.

P.S.Ümid edirik ki, Respublika Prezidenti İlham Əliyevin məlum çıxışından və məmurlara iradlarından sonra Mingəçevir İcra Hakimiyyəti də sakinlər üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirəcək. Çünki, bu orqanın razılığı olmadan heç bir sahibkar əhalinin oksigen koridoruna müdaxilə etməyə və onu hasarlayaraq gediş-gəliş üçün nəzərdə tutulan sahili bağlamağa ixtiyarı yoxdur. Nə qədər ki, məmur özbaşınalığına son qoyulmayıb, insanlar nə qanunların aliliyinə, nə də ki, onu qoruyan aidiyyatı orqanların şəffaflığına inanmayacaqlar. Bunu isə ictimai mülkiyyətə bir qrupun xəyanəti kimi dəyərləndirəcəklər.